
BAKI, 15 aprel. TELEQRAF
2024-cü il ərzində bank sektorunun aktivləri 8% (4.03 mlrd. manat) artaraq 53 mlrd. manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) 2024-cü il üzrə "Maliyyə sabitliyi hesabatı"nda qeyd olunub.
Bildirilib ki, bank sektorunda öhdəliklər isə 8% (3.41 mlrd. manat) artaraq 46.4 mlrd. manat təşkil edib. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti 2 faiz bəndi artaraq 42%-ə çatmışdır. 2024-cü ilin sonuna olan məlumatlara əsasən bank sektorunun aktivlərinin 49%-ni xalis kredit portfeli, 27%-ni likvid aktivlər, 24%-ni isə digər aktivlər təşkil edir. Öhdəliklərin isə 50%-i hüquqi şəxslərin depozitləri, 31%-i fiziki şəxslərin əmanətləri, 13%-i maliyyə institutları qarşısında öhdəliklər, 6%-i isə digər öhdəliklərdən ibarətdir. Bank sektoruna inamın artımı, həyata keçirilən monetar siyasətin yeni əməliyyat çərçivəsi və makroprudensial siyasət çərçivəsi fonunda balansın genişlənməsi daha dayanıqlı maliyyələşmə hesab olunan müddətli depozitlər hesabına dəstəklənir. Belə ki, il ərzində hüquqi şəxslərin müddətli depozitləri 29% (1.3 mlrd. manat), fiziki şəxslərin müddətli əmanətləri isə 25% (1.7 mlrd. manat) artıb ki, bu da cəmi depozit portfelində artımın 95%-ni təşkil edir.