
BAKI, 10 mart. TELEQRAF
Ötən il Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın ötən il üzrə “Rəqəmsal Ödənişlər İcmalı”nda qeyd edilib.
Bildirilib ki, hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.
Eyni zamanda, 2024-cü il ərzində milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 mlrd. manat olub və ÜDM-in 6 mislini təşkil edib.
Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil edib və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% yüksələrək 78.9 mlrd. manat olub. Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü il ilə müqayisədə 8.6 faiz bəndi artaraq tarixi maksimuma çatıb və 64.2% olub.