BAKI, 27 fevral. TELEQRAF

Azərbaycan Mərkəzi Bankının 2025-ci il yanvar proqnozlarına əsasən cari ildə iqtisadi artımın ümumi ÜDM üzrə 3,3%, qeyri-neft ÜDM üzrə isə 5,2% olacağı gözlənilir.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının və dövlət idarələrinin son istehlak xərcləri olacağı gözlənilir: “2025-ci ilin yanvarında iqtisadi artım proqnozu ötən ilin oktyabr proqnozu ilə müqayisədə 0,08 faiz bəndi artırılıb. 2025-ci ilə proqnozun cüzi dəyişimi qeyri-neft-qaz sektoru üzrə artım proqnozunun reviziyasından irəli gəlir. 2025-ci ilə neft-qaz sektoru üzrə artımın yanvar proqnozu ötən ilin oktyabr proqnozuna nəzərən sabit saxlanılıb. Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Qeyri-neft-qaz sektoru üzrə artımın yanvar proqnozu 2025-ci il üzrə 0,1 faiz bəndi yuxarı doğru dəyişərək 5,1%-dən 5,2%-ə reviziya edilib”.

Mərkəzi Bank hesab edir ki, 2025-ci ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər.