BAKI, 24 fevral. TELEQRAF

Bakıda yaşamaq İstanbul ilə müqayisədə 31% daha sərfəlidir.

Teleqraf xəbər verir ki, Bakıda bir nəfərin aylıq xərci 776 dollar olduğu halda, İstanbulda bu məbləğ 1125 dollara çatır. Ailələr üçün isə bu rəqəm müvafiq olaraq Bakıda 1963 dollar, İstanbulda 2885 dollar təşkil edir.

Kirayə qiymətləri də Bakıda daha münasibdir. Bir nəfərlik mənzilin kirayəsi Bakıda 320 dollar, İstanbulda isə 587 dollardır. Yaşayış üçün nəzərdə tutulmuş mənzillərdə də qiymət fərqi nəzərəçarpacaq dərəcədədir. Belə ki, bu qiymət Bakıda 582 dollar, İstanbulda isə 1119 dollar təşkil edir.

Ərzaq xərcləri baxımından isə iki şəhər arasında ciddi fərq yoxdur. Bakıda bu göstərici 292 dollar, İstanbulda 308 dollar təşkil edir.

Nəqliyyat xərclərinə görə İstanbul Bakını qabaqlayıb. Bakıda bu xərclər 61.5 dollar təşkil etdiyi halda, İstanbulda 117 dollardır.

Bundan əlavə, maaş səviyyəsi baxımından, İstanbulda yaşayış xərcləri daha yüksək olsa da, orta aylıq əməkhaqqı Bakıya nisbətən yüksəkdir. Belə ki, Bakıda vergilər istisna olmaqla, xalis orta aylıq maaş 484 dollar təşkil edir, İstanbulda bu rəqəm 820 dollara çatır. Orta aylıq qazanc Bakıda təxminən 18 gün, İstanbulda isə 21 gün yaşayış xərclərini qarşılamağa kifayət edir.

Hesablamalara görə, Bakıda yaşayış keyfiyyəti 100 üzərindən 59, İstanbulda isə 77 bal ilə qiymətləndirilib.

Qeyd edək ki, Bakı Azərbaycan üzrə, İstanbul isə Türkiyə üzrə ən yaxşı şəhər seçilib. Dünya reytinqində ən yaxşı şəhərlər siyahısında Bakı 5306-cı, İstanbul isə 790-cı pillədə qərarlaşıb.