BAKI, 21 oktyabr. TELEQRAF
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən, kirayəçilər öhdəliklərini başqa şəxsə müqavilənin bağlandığı tarixdən yalnız 3 il sonra ötürə biləcəklər.
Teleqraf xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
2026-cı il oktyabrın 1-dən tətbiq olunan dəyişikliklərə əsasən, öhdəliyini başqa şəxsə ötürmüş vətəndaşlar bu mexanizmdən ötürülmə tarixindən 5 il sonra təkrar faydalana biləcəklər.
Bundan başqa, müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan şəxslər satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlana biləcəklər.
Ərizəçilərin kredit tarixçəsinin qiymətləndirilməsi şərtləri də yenilənib. Qiymətləndirmənin nəticəsinə əsasən, yalnız “müsbət” və “qənaətbəxş” kredit tarixçəsi olan şəxslərə mexanizmdən istifadə imkanı veriləcək.
Dəyişikliklər kirayə mənzillərin əlçatanlığının artırılması, mənzilə ehtiyacı olan daha çox vətəndaşın mexanizmdən faydalanması, iş proseslərinin şəffaflaşdırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.