BAKI, 21 oktyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda infrastruktur layihələrinə dövlət və özəl sektor vasitəsilə 2 milyard avroyadək investisiya cəlb etməyi nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Aİ və Azərbaycan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Bakıya rəsmi səfəri zamanı elan edilən “Global Gateway” investisiya paketi strateji bağlantı infrastrukturunun inkişafını dəstəkləyir:

“Buraya Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və Bakı limanının genişləndirilməsi də daxildir”.

M. Kuyunciç vurğulayıb ki, Aİ Azərbaycanla bərpaolunan enerji kimi strateji sahələrdə Avropa şirkətlərinin investisiyalarını təşviq etmək üçün çalışır.

O, investorlar üçün proqnozlaşdırıla bilən şəraitin və bərabər rəqabət imkanlarının vacibliyini qeyd edərək Avropa biznesini Azərbaycanda yeni ticarət və investisiya imkanlarını nəzərdən keçirməyə çağırıb.