BAKI, 20 oktyabr. TELEQRAF

Bu ilin 9 ayında Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edilib.

Fonddan Teleqraf-a verilən məlumata görə, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 3,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 21,9 milyon manat, beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2,2 milyon manat, idarəetməyə isə 25,5 milyon manat xərclənib.

Qurumdan bildirilib ki, III rübdə davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasətlə bağlı gözləntilər bütün aktiv siniflərinə təsir göstərib. Dövlət borclanması ilə bağlı narahatlıqlar, yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərib. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir edib. Eləcə də rüb ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilib. Nəticədə qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən Fondun büdcədənkənar xərci 1 milyard 874 milyon manat təşkil edib.