BAKI, 21 oktyabr. TELEQRAF
Orta Dəhlizin nəqliyyat marşrutundan iqtisadi dəhlizə çevrilməsi regionun inkişafı üçün geniş imkanlar aça bilər.
Teleqraf xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Avropa İttifaqı və Azərbaycan Biznes Forumunda bildirib.
O qeyd edib ki, dəhlizin uzunmüddətli uğuru infrastruktur sahibləri, operatorlar, logistika şirkətləri, biznes subyektləri və investorlar üçün kifayət qədər yük həcminin və kommersiya imkanlarının yaradılmasından asılıdır: “Çoxtərəfli inkişaf bankları maliyyələşdirmə ilə yanaşı, islahatlara dəstək verir, layihələrin hazırlanmasında iştirak edir, investorlar, infrastruktur sahibləri, tənzimləyici qurumlar və hökumətlər arasında əlaqələndirici rol oynayır”.
N.Mouravidze vurğulayıb ki, Orta Dəhlizin imkanları yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır: “Davamlı inkişaf və enerji keçidi hədəfləri ilə uzlaşan bu marşrut daha geniş coğrafiyada iqtisadi transformasiyanı sürətləndirə bilər”.
AYİB rəsmisi əlavə edib ki, Orta Dəhlizin iqtisadi dəhlizə çevrilməsində özəl kapitalın, hökumətlərin və AYİB kimi inkişaf institutlarının birgə fəaliyyəti mühüm rol oynayır.