BAKI, 21 oktyabr. TELEQRAF
“İran İslam Respublikasının üzləşdiyi ən pis vəziyyət “nə müharibə, nə də sülh” durumudur”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O qeyd edib ki, İranın öldürülmüş ali rəhbəri Əli Xamenei də vaxtilə bu durumdan çıxmaq üçün müvafiq göstərişlər verib:
“O bizə bildirdi ki, gedin, bu problemi həll edin. Biz də danışıqlar yolu ilə problemi həll etməyə getdik, amma onlar bizim ali rəhbərimizi öldürdülər”.
Pezeşkian iddia edib ki, İran müharibə istəməsə də, heç bir halda gücə və zorakılığa boyun əyməyəcək.
İran Prezidenti Tehranla ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyəti barədə söyləyib: “Yaranmış vəziyyət sadə deyil, nə bizim, nə də onların maraqlarına uyğundur. Amma onlar xalqımızın hüquq və haqlarını tanımalı, güc tətbiqindən və təcavüzdən əl çəkməlidirlər. Ancaq bundan sonra bir araya gəlib rahatlıqla dialoq apara bilərik”.
Məsud Pezeşkian ABŞ-yə müraciətlə bildirib: “Bütün yolları bağlayıb təhdidlər səsləndirə, eyni anda bizimlə dialoq aparmaq istəyə bilməzsiniz. ABŞ İran İslam Respublikasının təzyiqlərə tab gətirə biləcəyini düşünmürdü, amma biz müqavimət göstərdik və bundan sonra da müqavimət göstərəcəyik”.