BAKI, 21 oktyabr. TELEQRAF

Xocavənd rayonunun ərazisində yerləşən Azıx və Tağlar mağara düşərgələri “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu elan edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, ən qədim insan məskənlərindən olan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunması, bərpası, elmi tədqiqi və təbliğini təmin etmək məqsədilə bu addım atılıb.

Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini, sərhədlərini, mühafizə zonasını və ərazisinin xüsusi rejimini müəyyən edib dövlət başçısına məlumat verməli, habelə maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməlidir.

Qoruğun idarə olunması Mədəniyyət Nazirliyinə tapşırılıb. Fəaliyyətin təmin edilməsi ilə bağlı xərclər dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək.