BAKI, 21 oktyabr. TELEQRAF
Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün daşımaların təhlükəsizliyi ilə yanaşı, tranzit müddətinin dəqiq proqnozlaşdırılması və rəqəmsal prosedurların tətbiqi vacibdir.
Teleqraf xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avropa İttifaqı və Azərbaycan Biznes Forumunda bildirib.
O qeyd edib ki, şirkətlər üçün yüklərin bir məntəqədən digərinə nə qədər müddətə çatdırılacağını əvvəlcədən bilmək böyük əhəmiyyət daşıyır:
“Tranzit vaxtı ilə bağlı qeyri-müəyyənlik biznesdə əlavə suallar yaradır və dəhlizə olan etimada təsir göstərir”.
C. Çoriyev bildirib ki, altı ölkə arasında vahid tranzit icazəsi haqqında saziş qəbul edilib:
“Bu mexanizm Azərbaycan, Qazaxıstan və Qırğızıstanın da daxil olduğu ölkələrdə vahid icazə ilə yükdaşımalara, müxtəlif nəqliyyat növlərindən istifadəyə və hər ölkə üçün ayrıca icazə almaq zərurətinin aradan qaldırılmasına imkan verir. İcazələrin elektron formada təqdim edilməsi də prosesi asanlaşdırır”.
Baş katib əlavə edib ki, 2016-cı ildən tətbiq olunan çoxtərəfli icazələr sisteminin genişləndirilməsi ilə yanaşı, sənədlərin rəqəmsallaşdırılması da əsas vəzifələrdəndir:
“Bunun üçün üzv ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması və müvafiq qurumların koordinasiyası vacibdir”.
O, biznes nümayəndələrinin təcrübə və təkliflərinin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb:
“TRACECA-nın Biznes Şurası nəqliyyat şirkətlərini, inkişaf institutlarını və assosiasiyaları bir araya gətirərək onların problemlərinin beynəlxalq səviyyədə müzakirəsinə imkan yaradır”.