BAKI, 21 oktyabr. TELEQRAF
Argentina Prezidenti Xavyer Miley İspaniya Baş naziri Pedro Sançesi “rüsvayçı diktator” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu bəyanatı Madriddə keçirilən iqtisadi forumda səsləndirib.
“İspaniya son illərdə “yoxsulluqdan və XX əsr sosializminin acı nəticəsi olan ümidsiz gələcəkdən qaçan” yüz minlərlə argentinalını qəbul edib. Bu ideologiyanın Argentinadakı qolu “kirşnerizm” adlanır. Siz isə rüsvayçı diktator Pedro Sançesin hakimiyyəti altında bunun acısını daim yaşayırsınız”, - Argentina Prezidenti bildirib.
Argentinalıların 66 faizinin maaşının ayın sonuna qədər çatmadığını göstərən və bu yaxınlarda dərc olunmuş hesabat barədə suala cavab verən Miley həmin məlumatları təkzib edib və onları “emosional şüar” adlandırıb.
İspaniya Baş naziri Pedro Sançes isə Madriddə Argentina Prezidentini istehzalı şəkildə salamlayıb. O, Mileyin siyasi rəqiblərini təhqir etmək üçün tez-tez işlətdiyi “solçu” ifadəsini şərəflə qəbul etdiyini söyləyib.
Madriddə Sançesin Sosialist Partiyasının qərargahı qarşısında asılmış böyük bannerdə belə yazılıb: “Salam, Miley. Avropanın ən sürətlə böyüyən ölkəsi İspaniyadan solçular sənə salam göndərir”.
Sançes X sosial şəbəkəsində də video yayımlayaraq Mileyin ispanca “zurdo” - “solçu” sözünü daim alçaldıcı mənada işlətməsinə münasibət bildirib:
“Bəzi insanlar elə düşünürlər ki, bizi “solçu” adlandırmaqla təhqir edirlər. Əgər pensiyaların artırılması, minimum əməkhaqqının hər il yüksəldilməsi, valideynlərə övladları ilə daha çox vaxt keçirmək imkanı yaradılması, abort hüququnun müdafiəsi və müharibəyə qarşı çıxmaq insanı “solçu” edirsə, onda insan məhz belə olduğuna görə qürur duymalıdır. Beləliklə, bəli, mən solçuyam və bununla fəxr edirəm”.