BAKI, 21 oktyabr. TELEQRAF
Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması yerli şirkətlərə 41 ölkəni əhatə edən məkanda daha sürətli və sadələşdirilmiş daşımalar həyata keçirmək imkanı verəcək.
Teleqraf xəbər verir ki, bunu beynəlxalq ticarət və arbitraj üzrə konsultant Marius Bordalba Aİ və Azərbaycan Biznes Forumunda bildirib.
O qeyd edib ki, konvensiyaya qoşulmaq vahid bəyannamə, zəmanət və prosedur əsasında daşımaları həyata keçirməyə, sərhəd keçidlərini sürətləndirməyə, rəsmiləşdirməni elektron qaydada aparmağa və zəmanət xərclərini azaltmağa imkan verəcək:
“Layihə üç əsas istiqaməti əhatə edir, ticarət siyasətinin hazırlanması və həyata keçirilməsi, keyfiyyət infrastrukturu, eləcə də rəqəmsal transformasiya. Bu çərçivədə Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi üzrə danışıqlara dəstək göstərilir, standartlaşdırma, akkreditasiya və bazara nəzarət sahələrində iş aparılır”.