BAKI, 19 oktyabr. TELEQRAF

Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, Fondun investisiyalarından əldə etdiyi xalis gəlir 4 milyard 52 milyon ABŞ dollarına çatıb.

Azərbaycanın Dövlət Neft Fondu investisiya portfelindən 6,2% gəlir götürüb.

2024-cü ildə Fondun investisiya portfelinin gəlirliliyi 6%, xalis investisiya gəliri isə 3 milyard 401 milyon dollar təşkil etmişdi.

Beləliklə, 2025-ci ildə Fondun investisiyalarından əldə etdiyi xalis gəlir əvvəlki illə müqayisədə 651 milyon dollar və ya 19,1% artıb.

Qeyd edək ki, 2025-ci ilin sonuna ARDNF-nin idarə etdiyi aktivlərin dəyəri 60 milyard ABŞ dollarından artaraq 73,5 milyard ABŞ dollarına çatmışdır. Ümumi portfelin 29,8%-i və ya 21,9 milyard ABŞ dolları borc öhdəliklərinə, 25,6%-i və ya 18,8 milyard ABŞ dolları səhmlərə, 6,4%-i və ya 4,7 milyard ABŞ dolları daşınmaz əmlak və infrastruktura, 38,2%-i və ya 28,1 milyard ABŞ dolları isə qızıl investisiyalarına yönəldilib.

2025-ci ildə Dövlət Neft Fondunun ən yüksək gəlir gətirən investisiya istiqaməti səhmlər olub.

Fondun səhm altportfelinin illik gəlirliliyi 17,6% təşkil edib. Səhm investisiyalarından əldə edilən xalis gəlir 2 milyard 808 milyon dollara çatıb.

2024-cü ildə bu göstərici 2 milyard 420 milyon dollar idi. Beləliklə, səhm investisiyalarından gəlir bir ildə 388 milyon dollar və ya 16% artıb.

Səhm investisiyaları 2025-ci ildə Fondun ümumi xalis investisiya gəlirinin təxminən 69,3%-ni təmin edib.