BAKI, 12 avqust. TELEQRAF
2025-ci ildə Azərbaycanda 6 140 məcburi audit subyektindən 4 660-ı və ya 76%-i auditdən keçib.
Teleqraf Auditorlar Palatasının İllik Hesabatına istinadən xəbər verir ki, il ərzində 1 480 məcburi audit subyekti auditdən keçməyib. Bu, ümumi subyektlərin 24%-ni təşkil edib.
Auditdən keçməyənlərin ən böyük hissəsi məhdud məsuliyyətli cəmiyyətlərin payına düşüb. Belə ki, 4 889 MMC-dən 3 650-si auditdən keçib, 1 239-u isə auditdən keçməyib. Bu, MMC-lərin 25,3%-idir.
147 publik hüquqi şəxsdən 92-si auditdən keçib, 55-i (37,4%) isə auditdən keçməyib.
Bələdiyyələr üzrə 685 subyektdən 523-ü auditdən keçib, 162-si (23,6%) keçməyib. Səhmdar cəmiyyətlərində 353 audit subyektindən auditdən keçməyənlərin sayı 19 (5,4%) olub. Siyasi partiyalarda isə 26 subyektdən 5-i (19,2%) auditdən keçməyib.
Hesabat ilində bütün bank və sığorta təşkilatları məcburi auditdən keçib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, məcburi audit subyektləri maliyyə hesabatlarını müstəqil auditor tərəfindən təsdiqlətməlidirlər. "Auditor xidməti haqqında" Qanuna əsasən, məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.