BAKI, 12 avqust. TELEQRAF
“Sabah”ın UEFA Çempionlar Liqasındakı növbəti oyunlarını keçirəcəyi stadionla bağlı məsələyə aydınlıq gəlib.
Klub prezidenti Maqsud Adıgözəlov Teleqraf-a açıqlamasında komandanın növbəti oyunlarını “Liv Bona Dea Arena”da keçirəcəyini bildirib.
O, hazırda arenada təmir işlərinin davam etdiyini qeyd edib:
“Hazırda işlər davam edir. Çalışırıq ki, qrup mərhələsinin oyunlarını “Liv Bona Dea Arena”da keçirək. Əlbəttə, Azərbaycan çempionatının oyunlarını da orada keçirəcəyik”.
Adıgözəlov qeyd edib ki, stadionla bağlı yekun qərar “Sabah”ın hansı avrokubok turnirində mübarizə aparacağından da asılı olacaq:
“Hələlik dəqiqləşməyib ki, Çempionlar Liqasının liqa mərhələsində, yoxsa Avropa Liqasının liqa mərhələsində çıxış edəcəyik. Çempionlar Liqasının əsas mərhələsinin oyunları ilə bağlı UEFA-nın standartlarına cavab verən iki stadionumuz var. Biri Tofiq Bəhramov adına Respublika Stadionu, digəri isə Bakı Olimpiya Stadionudur. Bizə qalsa, Bank Respublika Arenanı istəyirik. Sadəcə, həmin iki stadion bəzi meyarlara cavab verir”.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu avqustun 18-19-da səfərdə, cavab görüşünü isə avqustun 25-26-da evdə keçirəcək.