BAKI, 12 avqust. TELEQRAF

“Qərb ölkələri Rusiyanın ticarət gəmilərini ələ keçirəcəyi təqdirdə, güzgü prinsipi ilə cavab verəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Əgər bu qərar (bir sıra Avropa İttifaqı ölkələrinin Rusiya gəmilərini ələ keçirməsi və qənimət götürülmüş əmlakı satması) praktikada həyata keçirilməyə başlasa, güzgü prinsipi ilə cavab verməyə məcbur olacağıq”, - o bildirib.

Putin vurğulayıb ki, bu cavabın mütləq Rusiya gəmilərinə qarşı planlaşdırılan əməliyyatların həyata keçirildiyi eyni sularda verilməsi şərt deyil:

“Bizim özümüzün lazım və məqsədəuyğun hesab etdiyimiz yerdə - istənilən ərazidə, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında baş verə bilər”.

Putin hərbçilərə müraciət edərək bu məsələyə diqqət yetirmələrini istəyib. O qeyd edib ki, Müdafiə Nazirliyinə artıq müvafiq əmr verilib və bu, Sakit Okean Donanmasının komandanlığına da çatdırılıb. Rusiya lideri bu istiqamətdə təkliflərin hazırlanmasını istəyib.

Putin həmçinin vurğulayıb ki, Rusiya öz təhlükəsizliyini gücləndirsə də, qonşuları və dostları üçün məqbul olan qarşılıqlı kompromislərin axtarışına həmişə hazırdır: “Bunu qarşılıqlı maraqların nəzərə alınması əsasında etməyə hazırıq”.