BAKI, 12 avqust. TELEQRAF
“ABŞ ilə İran arasındakı gərginliyin gedişatı, əlbəttə, regional proseslər baxımından mühüm əhəmiyyət daşıyır. Amma Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığımız Məkkə Birgə Müdafiə Sazişini yalnız bu gərginliyin yaratdığı cari vəziyyətin nəticəsi kimi qiymətləndirmək ölkələrimizin siyasətini və niyyətini düzgün anlamamaq olardı”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sharkul Awsat” qəzetinə müsahibəsində deyib.
“BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş müdafiə hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəni hədəf almır. Əksinə, saziş bölgəmizdə sülhü, rifahı və sabitliyi təmin etməyi qarşısına məqsəd qoyan bütün qardaş ölkələrin qoşulmasına açıqdır.
Nəticə etibarilə, bizim baxışımız üç ölkə ilə məhdudlaşmır. Məqsədimiz bu təşəbbüsü daha da genişləndirmək və mümkün olduğu təqdirdə, bir gün regiondakı bütün ölkələrin bu çətir altında birləşməsini təmin etməkdir. Bu, bölgəyə davamlı sabitlik gətirəcək ən mühüm addım olacaq”, - dövlət başçısı bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə uzun müddətdir bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün aidiyyəti ölkələrin müntəzəm məsləhətləşmələr aparmasının vacibliyini bildirir və siyasətini də buna uyğun qurur:
“Çünki regional problemlərin həllində kənardan tətbiq edilən reseptlərin hansı fəlakətlərə gətirib çıxardığını bilirik. Bu səbəbdən Türkiyə olaraq hər zaman region ölkələrinin öz iradəsini və ortaq düşüncəsini həlledici amilə çevirmək istiqamətində siyasət yürüdürük. Ona görə də Məkkədə yaradılan üçtərəfli mexanizmi gündəlik hadisələrə verilmiş ani reaksiya kimi qiymətləndirə bilmərik. Atdığımız addım dəyişən regional şəraitə cavab olaraq ortaya qoyulmuş strateji iradədir.
Türkiyə olaraq hər zaman gərginliyin deyil, diplomatiyanın, qarşıdurmanın deyil, dialoqun, parçalanmanın deyil, regional əməkdaşlığın güclənməsinin tərəfdarı olmuşuq. Biz bütün tərəflərlə danışa bilən, lazım gəldikdə çətin məsələlərdə məsuliyyət daşımağı bacaran bir ölkə olaraq, regionumuzda davamlı sülh və sabitliyin bərqərar olması üçün üzərimizə düşəni etməyə davam edəcəyik”.
Türkiyə lideri əlavə edib ki, Məkkə paktı heç bir ölkəyə qarşı yönəlməyib və bunun Bəsrə körfəzi regionunda təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə inanır.