BAKI, 12 avqust. TELEQRAF

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən Əlcəzair vətəndaşları saxlanılıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.