BAKI, 11 avqust. TELEQRAF
Türkiyənin işgüzar dairələrinin nümayəndələri Qara dənizdə daha əvvəl “Qara dəniz təşəbbüsü” çərçivəsində yaradılan taxıl dəhlizinə bənzər təhlükəsizlik dəhlizinin təşkilini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazıb.
Təklif müəlliflərinin fikrincə, bu, həm regionda ticarətin davamlılığının təmin edilməsi, həm də qlobal ərzaq təhlükəsizliyi baxımından təxirəsalınmaz zərurətə çevrilib.
Türkiyə-Ukrayna İşgüzar Şurasının rəhbəri İsmail Uzelin sözlərinə görə, Qara dənizdə təhlükəsizlik böhranı dünya taxıl bazarında ciddi təklif şokuna səbəb ola bilər.
"Dünya üzrə taxıl istehsalının təxminən 32%-i Rusiya və Ukraynanın payına düşür. Bu həcmdə məhsul dəniz nəqliyyatından başqa heç bir nəqliyyat növü ilə dünya bazarlarına çatdırıla bilməz. Rusiya və Ukrayna həmçinin qarğıdalı, arpa, günəbaxan və soya kimi strateji əhəmiyyətli məhsulları dünya bazarlarına tədarük edir”, – deyə Uzel bildirib.
İş adamı xatırladıb ki, Qara dənizdə gəmiçilikdə yaranan fasilələr Türkiyənin emal olunmuş məhsullar ixracına da mənfi təsir göstərə bilər.
Qeyd edək ki, Türkiyə dünyanın aparıcı un və makaron ixracatçıları sırasında yer alır. Rusiyadan və Ukraynadan tədarük olunan taxıl isə Türkiyə ixracatçılarına rəqabətqabiliyyətli qiymətlərlə məhsul istehsal etməyə imkan verir.
Xatırladaq ki, taxıl sazişi Qara dəniz limanlarından kənd təsərrüfatı məhsullarının təhlükəsiz dəniz yolu ilə daşınmasını təmin etmək məqsədilə 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb və 2023-cü il iyulun 17-də qüvvədən düşüb.