BAKI, 12 avqust. TELEQRAF
2026-cı ilin avqustun 1-nə Azərbaycanda uçotda olan 1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.
2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.