BAKI, 12 avqust. TELEQRAF

“Hörmüz boğazı regional deyil, qlobal əhəmiyyət daşıyan nöqtədir. Qlobal enerji təchizatı və beynəlxalq ticarət baxımından da son dərəcə strateji keçid nöqtəsidir. Ona görə də, bütün dünya burada baş verə biləcək istənilən gərginliyin təsirlərinin yalnız region ölkələri ilə məhdudlaşmadığını neft qiymətləri vasitəsilə gördü və hiss etdi”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sharkul Awsat” qəzetinə müsahibəsində deyib.

“Hörmüz boğazı qlobal iqtisadiyyatın əsas damarlarından biri olduğunu sübut etdi. Bizim arzumuz və gözləntimiz mövcud gərginliyin ən qısa zamanda sona çatması və Hörmüz boğazının yenidən təhlükəsiz, sabit və fasiləsiz şəkildə beynəlxalq ticarətə xidmət etməsidir. Bunun reallaşması isə tərəflərin məntiqli davranışından və diplomatiya kanallarının açıq saxlanılmasından asılıdır”, - dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, Hörmüzdə də, Ukraynada da, Fələstində də davamlı həll yolu qarşıdurmadan deyil, diplomatiyadan keçir:

“Belə kritik su yolunun təhlükəsizliyinin təmin edilməsində region ölkələrinin məsuliyyəti böyükdür. Hesab edirik ki, regional sahiblənmənin və ortaq təhlükəsizlik anlayışının gücləndirilməsi Hörmüz boğazının sabitliyinə mühüm töhfə verəcək. Məqsəd Hörmüz boğazının yenidən təhlükəsiz və sabit normal fəaliyyətinə qayıtması və bunun davamlı xarakter alması olmalıdır”.