BAKI, 12 avqust. TELEQRAF
Cari ilin iyun ayının sonuna hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəlindən 2.6% artaraq 21.6 milyard manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.
Məlumata görə, bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72.2%, müddətli depozitlərin payı isə 27.8% olub. I yarımilin sonuna manatla depozitlər 26.2 milyard manat, xarici valyutada depozitlər isə 13.2 milyard manat ekvivalentində olub. Hesabat dövründə əmanətlərin dollarlaşma səviyyəsi fiziki şəxslər üzrə 2.9 faiz bəndi azalaraq 27.9%, rezident fiziki şəxslər üzrə isə 2.3% azalaraq 25.6% təşkil edib.
Dövr ərzində manatla yeni cəlb olunmuş fiziki şəxslər üzrə əmanət faiz dərəcələri 0.3 faiz bəndi azalıb. Hüquqi şəxslər üzrə yeni cəlb olunmuş depozit faiz dərəcələri iyun ayının sonuna 6.4% təşkil edib. Xarici valyutada yeni cəlb olunmuş əmanət faiz dərəcələri fiziki şəxslər üzrə 0.1 faiz bəndi artıb, hüquqi şəxslər üzrə isə iyun ayının sonuna 3.3% təşkil edib.