BAKI, 20 sentyabr.TELEQRAF
Şuşa şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.
KOBİA-dan Teleqraf-a verilən məlumata görə, yarmarkada Şuşa və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların əl işləri nümayiş olunur və satışa çıxarılıb.
Yarmarkanın məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına təqdim etməklə satış imkanlarını artırmaq, həmçinin ölkənin müxtəlif bölgələrindən olan sahibkarlar arasında əməkdaşlıq əlaqələrini gücləndirməkdir.
Tədbirin açılış mərasimində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Onlar “KOB FEST”in Dövlət Suverenliyi Günü münasibətilə şəhər sakinləri və sahibkarlarla birlikdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd olunub ki, bu kimi tədbirlər Şuşa və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarların istehsal etdiyi məhsulların və sənətkarların əl işlərinin tanıdılması baxımından mühüm rol oynayır.
Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.
Qeyd edək ki, sərgi-satış yarmarkası sentyabrın 21-dək “Güllü bağ” ərazisində davam edəcək.