BAKI, 14 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin mənfəət vergisindən əvvəlki mənfəəti 2 milyon 801 min manata düşüb. Bu da 2024-cü ilin müvafiq dövründəki 3 milyon 393 min manatla müqayisədə 28,7% azalma deməkdir. Bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə (ötən ilin eyni dövrünə nisbətən 7,7% az) başa vurub.

Teleqraf xəbər verir ki, bankın aktivləri 2025-ci ilin yanvarın 1-nə olan 730 milyon 362 min manatdan aprelin 1-i tarixinə 560 milyon 82 min manata (23%-dən çox və ya 170,3 milyon manat azalma) düşüb. Cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Göstərilən dövr ərzində bankın nağd vəsaitləri 306 milyon 404 min manatdan 123 milyon 711 min manata qədər azalıb.

Ticarət və investisiya qiymətli kağızlar üzrə əməliyyatları 74 milyon 858 min manatdan 72 milyon 244 min manata düşüb. Bankın mümkün zərərlər üçün məqsədli ehtiyatlarının həcmi artırılaraq (27 milyon 835 min manatdan) 28 milyon 744 min manata catdırılıb. Bu da banka qazanc gətirməyən vəsaitlərdir.

İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”nın faiz gəlirləri 8% artaraq 11,54 milyon manata yüksəlib. Faiz xərcləri də 2 dəfədən çox artıb. 2024-cü ilin birinci rübündəki 984,5 min manatdan 2025-ci ilin eyni dövründə 2,01 milyon manata yüksəlib.

Nəticədə bankın xalis faiz gəlirləri 9 milyon 525 min manat olub. Bu da 2024-cü ilin birinci rübü ilə müqayisədə 1,7 faiz azdır. Həmin dövrdə bankın xalis faiz gəlirləri 9 milyon 686 min manat təşkil edib. Göründüyü kimi, bankın faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb.

Maliyyə qurumunun depozit portfeli 2024-cü ilin sonuna olan 534 milyon 754 min manatdan 147 milyon 674 min manat azalaraq aprelin 1-i tarixinə 387 milyon 80 min manata düşüb.

Azalma həm fiziki, həm də hüquqi şəxslərin əmanətlərində baş verib. Fiziki şəxslərin bankdakı vəsaitləri 2025-ci ilin yanvarın 1-nə olan 106 milyon 767 min manatdan aprelin 1-nə 89 milyon 209 min manata qədər kiçilib. Hesabat dövründə hüquqi şəxslərin əmanətləri 427 milyon 986 min manatdan 297 milyon 870 min manata qədər azalıb.

Nəticədə bankın cəmi öhdəlikləri və kapitalı 31.12.2024-cü il tarixdəki 730 milyon 362 min manatdan 31.03.2025-ci il tarixinə 560 milyon 082 min 90 manata düşüb.

320 milyon 602 min manatlıq kredit portfelində vaxtı keçmiş kreditlərin məbləği 32 milyon 236 min manata çatıb. Beləliklə, əgər 2025-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin kredit portfelində çəkisi 9,9% idisə, aprelin 1-i tarixinə bu faiz nisbəti 10,1%-ə yüksəlib. Vaxtı keçmiş kreditlərin 10 milyon 939 min manatını istehlak, 15 milyon 655 min manatını özəl sektora verilən borclar təşkil edib. 32 milyon 236 min manat vaxtı keçmiş kreditin 27 milyon 233 min manatı Bakının payına düşüb.

Aprelin 1-i tarixinə bankda qeyri-standart kreditlərin cəmi 31,01 milyon manat (xüsusi çəkisi 11,5%) olub. Bunun da 28 milyon 357 min manatı ümidsizdir. Yəni bu kreditlərin ödənişi 181 gündən çox gecikib. Onları qaytarmaq bank tərəfindən artıq mümkünsüz hesab edilir.

Yeri gəlmişkən, bankın 320 milyon 602 min manatlıq kredit portfelinin 84 milyon 318 min manatı tam təminatlıdır. 140 milyon 533 min manat kredit təminatsızdır.

Qeyd edək ki, Mərkəzi Bankın mart ayında müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi ilə bağlı açıqladığı hesabatda “Yapı Kredi Bank Azərbaycan” ən çox şikayət edilən maliyyə qurumu kimi 3.73 indeksi ilə birinci olub.