BAKI, 14 aprel. TELEQRAF

OPEC 2025-2026-cı illər üçün qlobal iqtisadi artım proqnozlarını da aşağı salıb.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ildə dünya üzrə neftə gündəlik tələbat artımı 1,30 milyon barrel təşkil edəcək ki, bu da ötən ayın proqnozu ilə müqayisədə 150 min barrel azdır.

Eyni zamanda, OPEC 2025-ci il üzrə qlobal neft tələbatı artımı proqnozunu azaldıb.

Hesabatda bildirib ki, təşkilat bu addımı birinci rüblə bağlı əldə olunmuş məlumatlar və ABŞ-nin elan etdiyi ticarət rüsumları ilə izah edib.

OPEC həmçinin bu il və gələn il üçün dünya iqtisadiyyatının artım tempinə dair proqnozlarını da endirib.

“İlin əvvəlində qlobal iqtisadiyyatda sabit artım meyli müşahidə olunsa da, son dövrlərdə ticarətlə bağlı tendensiyalar qısamüddətli iqtisadi artım perspektivlərinə daha çox qeyri-müəyyənlik gətirib”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, OPEC-in neftə tələbatla bağlı baxışı sənayedəki digər proqnozlarla müqayisədə hələ də yüksək olaraq qalır və təşkilat neft istehlakının uzun müddət artmaqda davam edəcəyini gözləyir. Bu, Beynəlxalq Enerji Agentliyinin mövqeyindən fərqlənir: agentlik bu onillikdə təmiz enerjiyə keçid fonunda neftə tələbatın zirvəyə çatacağını proqnozlaşdırır.