
BAKI, 13 aprel. TELEQRAF
Omanda keçirilən İran-ABŞ danışıqları ilə bağlı müsbət fikirlər var. İranın rəsmi və qeyri rəsmi mediası görüşü müsbət dəyərləndirir. Amma hələ də ABŞ-ın rəsmi dairələrinin prosesdən razı qaldığına dair heç bir aydın əlamət görünməyib.
İranın xəbər mərkəzləri şənbə günü keçirilən görüş ətrafında böyük səs-küy qoparıblar. Xəbərlərdə görüşün İran üçün müsbət nəticələri daha çox qabardılır.
Əslində görüşün keçirilməsinin mahiyyəti məhz İran cəmiyyətinə hesablanmış siyasətin və diplomatik gedişin bir parçası kimi qəbul edilə bilər. İran yetkililəri bu danışıqlardan istifadə edir və belə bir görüntü yaradırlar ki, onlar diplomatik uğur əldə ediblər. ABŞ ilə razılaşmanın mümkünlüyünü təbliğ edərək İran cəmiyyətini sakitləşdirməyə çalışırlar.
Aydındır ki, İslam respublikasının son 45 ildə apardığı siyasət əhalidə ciddi narazılıqlar yaradıb. İnsanların iqtisadi durumu çətinləşib, infrastruktur demək olar ki, çöküb, yeni sərmayə qoyuluşları minimuma enib. Ölkədə ciddi şəkildə enerji və su böhranı mövcuddur. Sənaye bərbad gündə və sənaye müəssisələri ciddi kapital çatışmazlığı ilə qarşı-qarşıyadı. İşçilər əmək haqlarının ödənilməməsinə görə etiraz aksiyaları keçirsələr də heç bir nəticə əldə edə bilmirlər. Səhiyyə və tibbi çətinliklər hər gün daha ağırlaşır. Mütəxəssislər və istedadlı insanlar ölkəni tərk etdiyindən kadr qıtlığı yaranıb.
Belə bir vəziyyətin yaranmasının əsas səbəbi isə dini hakimiyyətin səriştəsizliyi və dini-ideoloji əsaslara söykənən idarəçilərin ambisiyaları ilə yanaşı, beynəlxalq qurumların, xüsusən Qərbin İrana qarşı tətbiq etdiyi sanksıyalardır.
Bu durumda İran əhalisinin etirazlarının qarşısın almaq və hakimiyyətə vaxt qazandırmaq üçün yeni ümidlərin yaranmasına ehtiyac var. ABŞ-la münasibətlərin bərpa olunması və sanksiyaların ləğvi əhalidə yeni ümid qığılcımı oyada bilər.
Danışıqlar İranın tələbi ilə əsasən dolayı yolla aparılıb və təxminən iki saat yarım davam edib. Göründüyü kimi, məkanı tərk etməzdən əvvəl Uitkofla Araqçi arasında qısa və birbaşa söhbət də olub. Bu bir tərəfdən İranda ümidlərin yaranmasına, digər tərəfdən də ABŞ-yə danışıqların birbaşa aparıldığını deməyə imkan verən bir jest sayılır. Beləliklə, hər iki tərəf öz tələblərinə nail olmuş görünür. Görüşdə dialoq üçün zəmin yaratmaqdan başqa nəyə nail olunduğu hələ də tam aydın deyil.
Bu danışıqların nəticəsinə görə deyil, baş tutmasına görə müsbət ab-hava yaranıb, lakin hələlik praktiki nəticə barədə heç bir məlumat verilmir.
ABŞ-nin də danışıqlar prosesindən razı qaldığına dair heç bir aydın əlamət yoxdur. Gözlənilir ki, danışıqların növbəti raundlarında tələblər daha aydın şəkildə masaya qoyulsun. ABŞ-nin birbaşa danışıqlar tələbi özünü daha qabarıq göstərəcək. Nüvə məsələsində əvvəlki razılaşmanı ləğv edən ABŞ Prezidenti Donald Trampın daha fərqli tələblər irəli sürməsi ehtimalı böyükdür. İsrailin tələbləri, regionda İranın proksi qüvvələrin tərk-silah edilməsi və İranın raket istehsalının məhdudlaşdırılması tələbləri də gündəmdə ola bilər.
Bu müzakirələrin sona qədər davam edəcəyi və nəticə verəcəyinə əhali inansa da təhlillər fərqli nəticələr ortaya qoyur. Müzakirə olunacaq məsələlərin bəziləri hər iki ölkə üçün qırmızı cizgi hesab olunur.
İranda hakimiyətin güzəştə getmək şansı yoxdur. İndiki hakimiyyətdə olan prezident Məsud Pezeşkianın komandası istəsə belə İranın mühafizəkar cərəyanın və ona bağlı qurumların ciddi etirazı ilə qarşılaşacaq. Bütün bunları nəzərə alaraq demək olar ki, bu danışıqlar İran üçün “müzakirə aparmaq üçün müzakirə” sayılır, Tramp üçün isə, nə anlam daşıdığını zaman göstərəcək.