BAKI, 13 aprel. TELEQRAF

Türkiyədə daun sindromlu 7 yaşlı Mert Affan Y.-ni ticarət mərkəzindəki oyun meydançasına buraxmayan şəxslər həbs edilib.

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, uşaq əyləncə mərkəzinin meneceri E.G. və 4 qadın işçi polis tərəfindən saxlanılıb.

Mert Affan Y. ötən gün müəllimi ilə Etimesgut rayonunda ticarət mərkəzindəki uşaq meydançasına getmək istəsə də, işçilər tərəfindən içəri buraxılmayıb. Digər uşaqlar oyun meydançasında əylənərkən Mert oradan kənarlaşdırılıb. Müəllim həmin anın videosunu sosial şəbəkədə paylaşıb. Reaksiyalardan sonra Etimesgut Bələdiyyəsi işə qarışıb və sözügedən müəssisədə araşdırma aparıb. Məlum olub ki, mərkəzi lisenziyasız fəaliyyət göstərib.

Türkiyənin İnsan Haqları və Bərabərlik Təşkilatı ilə Ailə və Sosial Xidmətlər Nazirliyi də məsələ ilə bağlı araşdırmalara başlayıb. Nazirlikdən verilən açıqlamada mərkəzin məsul şəxslərinə qarşı “nifrət və ayrı-seçkilik” maddələri üzrə cinayət işi açıldığı bildirilib.

Türkiyə insan haqları təşkilatlarının nümayəndələri ticarət mərkəzinin önündə aksiyaya keçirərək fiziki imkanları məhdud olan uşaqlara qarşı hər cür ayrı-seçkiliyə etirazlarını bildiriblər.