BAKI, 20 dekabr. TELEQRAF

İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik əməliyyatı çərçivəsində həbs edilən idman şərhçisi Ela Rümeysa Cebecinin telefonunda aşkar olunan yazışmalar istintaqın gedişatını dəyişib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Jandarması tərəfindən araşdırılan rəqəmsal materiallarda Cebeci ilə tanınmış iş adamı, “Fənərbağça” klubunun prezidenti Sadettin Saran arasında narkotik vasitənin təmini barədə dialoqlar qeydə alınıb.

İddiaya görə, Saranın spikerə ünvanladığı “Səndə marixuana varmı?” sualına, Cebeci zarafatla “Mən Eskobaram?” cavabını verib. Yazışmaların davamında spikerin narkotik vasitəni böyük ehtimalla tapacağını bildirməsindən sonra tərəflərin görüşmək barədə razılığa gəldikləri bildirilir.

Bu faktlar əsasında istintaq tədbirlərin miqyası genişləndirilib.

S.Saranın İstanbuldakı evində və Çanaqqalanın Ayvacık rayonunda yerləşən fermasında genişmiqyaslı axtarışlar aparılıb, bəzi maddi sübutlar laboratoriyaya göndərilib.

Hazırda xaricdə olan S.Saran narkotik maddə satın almaq və saxlamaq ittihamı ilə ifadə vermək üçün prokurorluğa çağırılıb.

Xatırladaq ki, əməliyyat çərçivəsində bir sıra digər tanınmış şəxslərin də ifadələri alınıb. Faktla bağlı istintaq davam edir.