BAKI, 17 dekabr. TELEQRAF
Fransada 2024-cü il Yay Olimpiya Oyunlarının yekun xərcləri yenidən hesablanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ali Planlaşdırma Komissarlığı açıqlama edib.
Bildirilir ki, olimpiadanın “xalis dəyəri” 2,8 milyard avro təşkil edib.
Komissiyanın rəhbəri, sabiq nazir Kleman Bon bildirib ki, bu göstərici Hesablama Palatasının daha əvvəl açıqladığı 6,6 milyard avroluq dövlət xərclərindən xeyli aşağıdır. Onun sözlərinə görə, sosial-iqtisadi amillər, ekologiya, turizm, məşğulluq və infrastruktur sahələrində müsbət təsirlər nəzərə alındıqda xərclər iki dəfədən çox azaldıla bilər.
Hesabatda vurğulanır ki, Olimpiada çərçivəsində yaradılan infrastruktur uzunmüddətli iqtisadi fayda verə bilər və bunun dəyəri təxminən 3 milyard avro kimi qiymətləndirilir. Oyunlar zamanı yeni iş yerlərinin açılması isə ümumi xərcləri əlavə 200 milyon avro azaltmağa imkan verib.
Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2024-cü ildə hotel sektorunda ümumi azalma müşahidə edilsə də, mövsümi kirayə bazarı Olimpiya Oyunlarından gəlir əldə edib və yarışlar dövründə hotellərin doluluq səviyyəsi adi göstəricilərdən bir qədər yüksək olub.