BAKI, 22 dekabr. TELEQRAF
“Atəşkəs əldə etmək mümkün olarsa, Rusiyadan Ukraynaya təkrar təcavüzün qarşısını alacaq etibarlı təhlükəsizlik zəmanətləri təmin edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken deyib.
Müharibənin ən real nəticəsinin necə ola biləcəyi ilə bağlı suala ABŞ diplomatiyasının sabiq rəhbərinin cavabı belə olub:
“Fikrimcə, xəritədə irəliləyiş o qədər də böyük olmayacaq. Ruslar çox bğyük itki ilə yalnız kiçik bir ərazidə yavaş-yavaş irəliləyirlər. Düşünürəm ki, keçən il on minlərlə insanın ölümü və yüz minlərlə yaralanması bahasına Ukrayna ərazisinin cəmi bir faizini işğal ediblər. Əgər biz bu məsələni azı müəyyən bir müddət üçün həll etmək istəyiriksə, əsas məsələ Rusiya dayansın və gələcəkdə eyni aqressiyanı təkrarlamasın deyə kifayət qədər qoruyucu tədbirlər təmin etməkdir”.
Blinken qeyd edib ki, heç kəs böyük bir ölkənin kiçiyi məğlub etməsini izləməkdən məmnun deyil, Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq sistemin əsas prinsiplərinə qarşıdır, qonşu ölkənin sərhədlərini zorla dəyişmək və ya ona öz siyasətini diktə etmək olmaz.
Keçmiş dövlət katibi Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin məzmununun çox önəmli olduğunu vurğulayıb:
“Müəyyən edilmiş xətt üzrə qüvvələrin yerləşdirilməsi kritik əhəmiyyət daşıyır və bu, Rusiyanı dayandıracaq əngəl olmalıdır, Ukraynanın müdafiə sənayesi inkişaf etməli, ABŞ isə kəşfiyyat məlumatları və silah yardımlarını davam etdirməlidir”.