
BAKI, 28 fevral. TELEQRAF
Sabah Azərbaycanda Ramazan ayı başlayır.
Teleqraf xəbər verir ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
Müsəlmanların müqəddəs ayında oruc tutanlar üçün imsak vaxtı saat 05:49, ifrat zamanı isə saat 18:47-dir.
İftardan qabaq oxunan dua:
İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
Ramazan ayının 1-ci gününün duası:
Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafil olanlardan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin Rəbbi. Məni bağışla, ey günahkarları bağışlayan!
Ramazan ayının qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.
Martın 30-da isə fitr bayramı qeyd olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.