BAKI, 15 fevral. TELEQRAF

“Şahmatçıların hər birinin bu yarışda iştirakından məmnunuq. Deyilənə görə, mübarizəni rekord sayda tamaşaçı canlı izləyib”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Azərbaycan çempionatının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bu gün başa çatan yarışın gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Tarixi, Azərbaycanın ən güclü şahmatçılarının iştirakı, həm də ilk dəfə bu sistemlə keçirilən yarış başa çatdı. Həm qadınlar, həm də kişilər arasında qaliblər müəyyənləşdi. Finallar çox gərgin mübarizə şəraitində keçdi. III və IV yerləri müəyyən edən partiyalar həm də paralel gedirdi. Şəhriyar Məmmədyarov gözləniləndən daha fərqli olaraq ikinci yeri tutdu. Baxmayaraq ki, final mərhələsinin ilk günündə üstünlük nümayiş etdirmişdi. Bu idmandır, idmanda qalib gələn sonuncudan əvvəlki səhvi edən şahmatçı olur. Çünki sonuncu səhvi edən şahmatçı məğlub olur".

M.Məmmədov ölkə çempionatını rekord sayda tamaşaçının canlı izlədiyini vurğulayıb: "Rəqəmlər də açıqlandı. Çempionat həm sosial şəbəkələrdə, həm də televeziya vasitəsilə geniş şəkildə işıqlandırıldı. Bu da bizi sevindirməyə bilməz. Şahmatsevərlərin dərin marağına səbəb olan çempionat alındı. Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək. Bu cür təmtəraqlı, gərgin mübarizələrin, dramatik gedişlərin gələcəkdə keçiriləcək Azərbaycan çempionatların əsas tərkib hissələsi olacağına inanıram. Bütün şahmatçıları təbrik edirəm".

Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub. Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.