TBİLİSİ, 9 fevral. TELEQRAF

Gürcüstanın Bakuriani şəhərində XVII Avropa Gənclər Qış Olimpiya Festivalının açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə iştirakçı ölkələrin idmançılarının paradı olub.

Festivalda Azərbaycanı təmsil edən yeganə idmançı - fiqurlu konkisürən Leyli Axundova paradda üçüncü sırada yer alıb.

İdmançılar “Abxaziya” ansamblının ifasında “Xorumi” milli rəqsinin sədaları altında paraddan keçiblər.

Paradın başa çatmasından sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edərək bu günün ölkə idmanı üçün tarixi gün olduğunu deyib. O, festivalın yüksək səviyyədə keçirilməsi üçün Gürcüstanda müasir standartlara cavab verən infrastrukturun yaradıldığını qeyd edib.

Baş nazirin sözlərinə görə, Gürcüstan dünyada qış idman növləri üçün cəlbedici ölkə kimi özünü təsdiqləyib. O, festival iştirakçılarına uğurlar və qələbə sevinci arzulayıb.

Açılış mərasimində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər rəsmi şəxslər də iştirak ediblər.

“Bakuriani-2025” oyunları fevralın 16-dək Bakuriani ilə yanaşı, Tbilisi və Batumi şəhərlərində də keçiriləcək. Festivala Avropanın 45 ölkəsindən 14-18 yaş arasında minə yaxın idmançı qatılıb. Yarışlar səkkiz qış idman növü üzrə təşkil olunacaq.

Qeyd edək ki, Bakuriani XVII Avropa Gənclər Qış Olimpiya Festivalına ev sahibliyi hüququnu 2020-ci ildə Avropa Olimpiya Oyunları Komitələrinin 49-cu Baş Assambleyasında əldə edib.