![](https://teleqraf.az/storage/2025/02/07/715x378/nefti.png)
BAKI, 7 fevral. TELEQRAF
AFFA U-17 Liqasında XXVI turun "Neftçi" - “Vətən” oyununda meydan sahiblərinin baş məşqçisi Asif Ramazanova kəllə atan şəxs qonaq komandanın rəsmi şəxsi olmayıb.
Bu barədə Teleqraf-a “Vətən” U-17 komandasının baş məşqçisi Elvin İslamoğlu məlumat verib. Onun sözlərinə görə, həmin şəxs Abdulla adlı azarkeşdir.
O, hadisəni belə nəql edib: “Əvvəlcə futbolçularımız arasında gərginlik oldu. Anidən azarkeşlərimizdən Abdulla adlı şəxs meydançaya daxil oldu və belə insident baş verdi. Bu, Liqanın mərkəzi oyunlarından biri idi. 60-70-ci dəqiqəyə qədər oyun normal məcrada gedirdi. Sonradan futbolçular arasında gərginlik oldu və komanda nümayəndələri olaraq, onları ayırdıq. Bu zaman anidən azarkeşimiz meydana daxil oldu. Yəni, onun bizimlə əlaqəsi yoxdur, klub rəsmisi deyil. Əynindəki gödəkcəyə gəldikdə, onu hər il azarkeşlərimizə hədiyyə veririk. Oyunun protokolunda həmin adamın adı yoxdur. Təəssüf ki, iki futbolçu arasında baş verən münaqişə belə nəticələndi”.
E.İslamoğlu hazırda polis bölməsində barışıq üzrə olduqlarını açıqlayıb: “Klubumuz təhlükəsizlik baxımından məsuliyyət daşıyır. Rəqib hörmət etdiyimiz sevimli komandalarımızdan biridir. Bu da futbol adına xoşagəlməz haldır, istəməzdik ki, belə olsun. Qarşı tərəflə səhərədək danışıqlar aparılıb. Azarkeş də istintaqdadır. Hazırda Bakı şəhəri, Nizami Rayon 23-cü polis bölməsindəyik, barışıq gedir”.
Qeyd edək ki, AFFA tərəfindən hazırda araşdırma aparılır və intizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək.