BAKI, 3 noyabr. TELEQRAF
Oktyabr ayının 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmiş və operativ şəkildə hadisə yerinə çatıb.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.