ŞƏMKİR, 8 sentyabr. TELEQRAF

Şəmkirdə ölümlə nəticələnən dəmiryol hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.

24 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) verilən məlumata görə, bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.

"Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - deyə bildirilib.