BAKI, 3 noyabr. TELEQRAF
“BakuBus” sürücüsü sərnişin tərəfindən döyülüb.
Teleqraf xəbər verir ki, Neapol dairəsi ərazisindən keçən 20 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.
Sürücü Zahir Məmmədov fiziki zorakılığa məruz qalıb. Sərnişin onun sifət nahiyəsinə zərbələr endirib. Avtobusda sərnişin qismində olan polis əməkdaşları hadisəyə müdaxilə ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Teleqraf-a bildirib ki, paytaxtın Xətai rayonunda 20 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü ilə sərnişin arasında yaranmış insidentlə bağlı polisə məlumat daxil olub.
Həmin şəxslər ərazi polis orqanına dəvət olunaraq izahatları alınıb.
Araşdırmalar davam etdirilir.