BAKI, 8 avqust. TELEQRAF

Yay fasiləsində “Zirə”dən ayrılaraq Almaniyanın III Liqa təmsilçisi “Valdhof Manhaym”a transfer olunan Leroy Mikels Teleqraf-a müsahibə verib.

31 yaşlı almaniyalı hücumçu Azərbaycanda keçirdiyi 2 il, “Zirə”dən ayrılmasının səbəbləri, “Neftçi”yə transferinin baş tutmaması, qardaşı Coy-Lens Mikelsin “Sabah”dakı çıxışı və gələcək planları barədə danışıb.

– Almaniyanın III Liqa təmsilçisi “Valdhof Manhaym”la müqavilə imzaladınız. Keçidiniz necə baş tutdu?

– Danışıqlar çox sürətlə getdi. Çünki klubda hər kəs məni istəyirdi, mən də baş məşqçinin komandaya aşılamaq istədiyi oyun üslubunu bəyəndim. Beləcə, seçimim “Valdhof Manhaym” oldu.

– Niyə məhz Almaniyaya qayıtmağa qərar verdiniz? Azərbaycan klublarının da sizinlə maraqlandığı deyilirdi…

– Düzünü desəm, Almaniyaya qayıtmağı planlaşdırmırdım. Xaricdə başqa variantlar axtarırdım. Amma klubun layihəsi və mənə göstərdiyi münasibət çox xoşuma gəldi. Buna görə də Almaniyaya qayıtmağa qərar verdim.

– Əvvəllər də Almaniyanın III Liqasında çıxış etmisiniz. Uzun aradan sonra bura uyğunlaşmaq çətin olmayacaq?

– Bəli, əvvəllər də bu liqada oynamışam. Buna görə məni nəyin gözlədiyini bilirəm. İndi isə daha təcrübəliyəm və əvvəlkindən yaxşı çıxış edəcəyimə inanıram. Məqsədimiz mövsüm boyu zirvə uğrunda mübarizə aparmaqdır. Amma bu, asan olmayacaq. Çünki bu liqada sonuncu yerdə olan komanda belə lideri məğlub edə bilər. Çox rəqabətli çempionatdır. Ümid edirəm ki, mövsümə yaxşı başlayacağıq və uğurlu il keçirəcəyik.

– “Zirə”də davam etməməyinizin əsas səbəbi nə oldu?

– Əsas səbəb o idi ki, məndən necə istifadə etməyi bilmirdilər. Mənim əsas mövqeyim sol cinahdır, amma demək olar ki, həmişə hücumçu kimi oynayırdım. Sol cinahda çıxış edəndə komandaya həmişə xüsusi nəsə verirdim. Bunu Ruanda milli komandasında da göstərdim. Öz mövqeyimdə oynadım, iki qol vurdum və oyunun ən yaxşı futbolçusu seçildim.

Sonra “Zirə”yə qayıtdım, sol cinahda oynayıb qol vurdum, amma yenə məni hücumçu kimi oynatdılar. Bunun heç bir mənası yox idi.

– Bunu Rəşad Sadıqovla danışıb həll edə bilmədinizmi, yoxsa başqa problemlər də vardı?

Klubdakı mühit də o qədər yaxşı deyildi, insan özünü rahat hiss etmirdi. Komandanın futbol üslubu isə çox passiv, statik və robotik idi. Amma əminəm ki, öz mövqeyimdə oynasaydım, “Zirə” turnir cədvəlində daha yuxarı yerlərdə olardı. Təəssüf ki, hər şey istədiyim kimi alınmadı.

– Azərbaycanda ilk dəfə 2024/2025 mövsümündə "Şamaxı"da özünüzü çox yaxşı tərəfdən göstərmişdiniz, hətta bir neçə klub sizi öz heyətinə cəlb etmək üçün hərəkətə keçmişdi. Sizin daha iddialı klubda çıxış edəcəyinizi düşünənlər çox idi...

– “Zirə”yə gəlməzdən iki mövsüm əvvəl komanda çox hücumameyilli futbol oynayırdı və çoxlu qol vururdu. Mən də düşünürdüm ki, həmin oyun üslubu davam edəcək və öz mövqeyimdə çıxış edəcəyəm. Amma gözlədiyim kimi olmadı.

Milli komandanın düşərgəsində, Ruandada olduğum vaxt “Zirə” mənimlə bu yay müqaviləni uzatmaq istəyirdi. Mən bunu istəmədim. Çünki özümü dəyərli hiss etmirdim və dediyim kimi, məndən düzgün mövqedə istifadə olunmurdu.

- Ötən yay "Neftçi” ilə də adınız hallanırdı. Bəs nə üçün transfer baş tutmadı?

– “Neftçi”ni çox bəyənirəm. Klubun idman üzrə müşaviri Kamil Məmmədovla da yaxşı münasibətlərim var. Amma bəzən klubun başqa planları olur və buna hörmətlə yanaşmaq lazımdır.

– Bu, maliyyə ilə bağlı idi?

– Xeyr, maliyyə məsələsi deyildi. Sadəcə, klubda yalnız bir nəfərin səni istəməsi kifayət etmir. Transferin baş tutması üçün bütün klubun buna inanması və dəstəkləməsi lazımdır. Təəssüf ki, elə olmadı.

– Başqa Azərbaycan klublarından təklif almışdınız?

– Menecerim də bilirdi ki, Azərbaycanda qalmayacağam. Çünki mənim üçün maraqlı olan yeganə klublar “Neftçi” və “Sabah” idi. Onların da artıq heyətləri formalaşmışdı və fərqli planları var idi. Buna hörmətlə yanaşıram. Azərbaycandakı başqa klublarla danışıqlar aparmadım. Ölkədən ayrılacağıma əmin idim.

– Gələcəkdə yenidən Azərbaycana qayıtmağı düşünürsünüz?

– Əlbəttə. Azərbaycanı çox sevirəm. Gözəl ölkədir, insanları da çox mehribandır. Üstəlik, futbolun səviyyəsi ildən-ilə yüksəlir.

– Azərbaycanda çalışdığınız məşqçi və komanda yoldaşlarınız arasında ən çox kimi fərqləndirərdiniz?

– Ayxan Abbasovu. Onu çox sevirəm. Çünki hər futbolçunun keyfiyyətini bilir və meydanda özünü ifadə etməsi üçün ona azadlıq verir. Maraqlıdır ki, hətta az oynayan futbolçular belə onun haqqında pis danışmırdı. Çünki o, komandanı idarə etməyi bacarır. İstərdim ki, gələcəkdə Azərbaycanda böyük klublardan birini çalışdırsın. Amma milli komandaya getməsi də düzgün qərardır. İnanıram ki, yaxın illərdə yığmanın səviyyəsini yüksəldəcək.

Ən yaxşı komanda yoldaşım isə Brahim Konate idi. O, müasir “box-to-box” yarımmüdafiəçisidir. Təəssüf ki, o da mənim kimi düzgün mövqedə oynadılmadığı üçün bütün keyfiyyətlərini göstərə bilmədi. Halbuki həm müdafiədə mübarizə aparır, həm də hücumda qol vura bilir. Gələcəkdə onunla yenidən eyni komandada oynamaq istərdim.

– Ötən mövsüm üç Mikels qardaşının eyni vaxtda Azərbaycan Premyer Liqasında çıxış etməsi maraqlı idi. Coy-Lens "Sabah"da qalsa da, digər qardaşınız Coy-Slayd "Karvan-Yevlax"dan, siz isə "Zirə"dən ayrıldınız...

– Bəli, bu, bizim üçün də xüsusi idi. Açığı, belə bir şeyin baş verəcəyini heç vaxt düşünməmişdik. Bundan həzz aldıq və ümid edirəm ki, gələcəkdə bunu yenidən yaşaya bilərik.

– Qardaşınız Coy-Lens "Sabah"dan ayrılıb xaricə getsə də, karyerası alınmamış və yenidən "Sabah"a qayıtmışdı. Onun legioner təcrübəsi qərarınıza təsir etdi?

– Hər kəsin öz yolu var. Əlbəttə, bu barədə danışırıq. Amma sonda özümlə bağlı qərarı özüm verirəm. O isə hər zaman məni dəstəkləyir.

– “Sabah”ın avrokuboklardakı çıxışını necə qiymətləndirirsiniz?

– Əlbəttə, onların növbəti mərhələyə yüksələcəyinə inanıram. “Sabah” çox peşəkar və düzgün idarə olunan klubdur. Baş məşqçi Valdas Dambrauskas futbolçuların keyfiyyətlərini çox yaxşı bilir və ən əsası, onlardan necə istifadə etməyi bacarır. Məhz buna görə bu qədər uğurludurlar.

– “Sabah”ın avrokubok oyunlarıda qardaşınıza dəstək olmaq üçün Bakıya gəlməyi düşünürsünüz?

– Əlbəttə. Fürsət yaranarsa, qardaşımın Avropadakı oyunlarını stadiondan izləmək istərdim. Hətta ümid edirəm ki, qrup mərhələsində Almaniya komandalarından biri ilə qarşılaşarlar. O halda gəlmək daha asan olar.

– Azərbaycanda ən çox nə üçün darıxacaqsınız?

– Bakıda həyat keyfiyyəti möhtəşəmdir. Müasir şəhər, İçərişəhər və dəniz – bunların hamısı insanın özünü rahat hiss etməsinə səbəb olur.