BAKI, 8 noyabr. TELEQRAF
“Millinin oyunları ilə əlaqədar 3-4 günlük verəcəyimiz fasilə bizim üçün yaxşı ola bilər. Biz buralarda olmaq, Çempionlar Liqasında iştirak etmək istəyirdik. Bilirdik ki, asan olmayacaq, noyabr-dekabr ayları daha çətin olacaq. Biz özümüz böyüməli, möhkəmlənməliyik ki, bu tip hallardan daha yaxşı çıxa bilək”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XI turunda öz meydanlarında “Şamaxı” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Litvalı mütəxəssis öncə Azərbaycan xalqını təbrik edib, daha sonra qarşılaşma barədə fikirlərini bölüşüb:
“Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq. Bu gün oyun enişli-yoxuşlu idi. Birinci hissənin 20-ci dəqiqəsinə qədər oyuna nəzarət etdik. Ondan sonra fərqli oldu. Biz oyuna tam nəzarəti ələ ala bilmədik. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Əlbəttə ki, azarkeşlər üçün 2:2 hesabı çox həyəcanlı, gözəl görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik. Ancaq rəqib də qol vura bilərdi. Amma bu gün beşlikdə qərarlaşmışıqsa, nəticə bizim üçün qəbuledilməzdir.
Üç gün bundan əvvəl Çempionlar Liqasında oynayırsan, orada bəlli qaydalar var və onlara riayət edirlər. İstəyərdik ki, daxili oyunlarda da həmin qaydaların üzərində durulsun. Xüsusi bir şey olmadı. Nə danışdıqsa, orada həll olundu. Hakimlik barədə nəsə şikayət edə bilmərəm”.
Mütəxəssis uğursuz nəticələrin ötən mövsüm “Qarabağ”ın yaşadığı ssenarini təkrarlamaları ilə bağlı suala da münasibət bildirib:
“Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm Çempionlar Liqasında oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm ki, digərləri zəifdir. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bəzən bir-birini başa düşmürlər.
Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək”.