BAKI, 8 noyabr. TELEQRAF

“Hər bir azərbaycanlı kimi mənim də arzum idi ki, müharibədə iştirak edim. Lakin mən döyüşçü olmamışam, yalandan deyə bilmərəm. Sadəcə əsgərlərimizə dəstək olmaq üçün getmişdim”.

Bunu Teleqraf-a müsahibəsində Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev deyib.

İlk dəfə 44 günlük Vətən müharibəsi günlərində cəbhə bölgəsinə yollanmasından danışan veteran futbolçu həmin vaxt zədəli olduğunu bildirib:

“Həmin vaxt pandemiya dövrü idi, əlim də zədəli olduğuna görə gipsdə idi. Dostlarımız yardım aparanda mən də onlara qoşulub getdim. Rəsmi şəkildə müharibə iştirakçısı olmamışam, çünki döyüşməyi bacarmıram. Səngərdə necə davranmaq lazım olduğunu bilmirəm, bunun üçün ən azı altı ay təlim keçməlisən. Amma heç olmasa su, güllə daşımaq, bir köməyim dəysin istəyirdim”.

K.Ağayev bölgədə çox qala bilmədiyini və hərbçilərə çətinlik yaratmamaq üçün geri qayıtdığını vurğulayıb:

“Mənim ora getməyim onlara problem yaradırdı. Çünki bilmirdilər məni qorusunlar, yoxsa döyüşsünlər. Əlim sarğılı idi, özüm özümə baxa bilmirdim. Döyüş bölgəsində hər kəs öz işi ilə məşğul olmalıdır. Buna görə də orada bir həftə də qalmadıq”.

Sabiq qapıçı həmin günlərdə çəkilən görüntüləri ictimailəşdirməməsinin səbəbini də açıqlayıb:

“O kadrlar məndə var, amma heç vaxt sosial şəbəkələrdə paylaşmamışam. Utandığımdan paylaşmıram, çünki mən döyüşçü olmamışam. Bəziləri kimi özümdən yalandan hekayə uydura bilmərəm. Orada igid qardaşlarımız can qoyurdular, torpaqları qarış-qarış azad edirdilər. Biz ancaq qürur duya bilərik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz bizim fəxrimizdir”.

Qeyd edək ki, Kamran Ağayev “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “Kayserispor” (Türkiyə), “Karşıyaka” (Türkiyə), “İnter Bakı”, “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya), “Keşlə” və “Səbail” klublarında, eləcə də Azərbaycanın əsas və aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Sabiq qolkiper 2022-ci ildə futbolçu karyerasını başa vurub. Kamran Ağayev 2025-ci ilin noyabrınadək milli komandanın qapıçılar üzrə məşqçisi kimi fəaliyyət göstərib.