BAKI, 16 mart. TELEQRAF

Rusiyanın “Ural” klubunun baş məşqçisi Vasili Berezutski komandanın transfer fəaliyyəti barədə maraqlı açıqlama verib.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis dünya ulduzlarını heyətə cəlb etmək istədiyini ironiya ilə ifadə edib:

“Mən artıq demişdim: Pedri, Kriştianu Ronaldu və Lionel Messini istəyirdim. Amma alınmadı, müəyyən reallıqlar var. Təəssüf ki, onlar gəlməkdən imtina etdilər”.

Qeyd edək ki, Vasili Berezutski ötən mövsüm “Sabah”ın baş məşqçisi olub. O, Masazır təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb. Berezutski həyat yoldaşının sağlamlığında yaranan problemlərə görə cari mövsüm başlamamış “Sabah”dan ayrılaraq vətəninə dönüb.