QƏBƏLƏ, 5 mart. TELEQRAF
“Keçmişdə olanlar, keçmişdə qalmalıdır. “Qarabağ”la son oyunda baş verənlərə görə üzr istədik. Bizim rəqibə böyük hörmətimiz var. İnanıram ki, onların da bizə hörməti var”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis klub prezidenti Maqsud Adıgözəlovun “Qarabağ”la oyundan sonra açıqlamasına fikir bildirib. O, Ağdam təmsilçisinə heç bir intriqa saxlamadıqlarını bildirib: “Meydanda rəqib ola bilərik. Amma bunlar hamısı meydançanın içində qalmalıdır. Oyun bitəndən sonra hər kəs öz işinə davam etməlidir. Biz bir-birimizin əlini sıxaraq hər şeyi orada da qoyuruq. Bu, sadəcə “Qarabağ”la bağlı olan məsələ deyil. Biz üzr istədik. Oyun bitdi, nələr olmuşdusa, stadionda da qaldı. Bu, təkcə “Qarabağ”la bağlı deyil, hər yerdə, Avropada da belədir”.
Qeyd edək ki, Maqsud Adıgözəlov bir neçə gün öncə mətbuata açıqlamasında bildirib: “Üzr istəmək mədəniyyətindən danışırıqsa, xatırlatmaq istəyirəm ki, 2023/2024 mövsümündə, "Qarabağ"-"Sabah" matçında rəqib son saniyələrdə qol vurdu və “Qarabağ”ın oyunçularından biri ehtiyat oyunçular skamyamıza jest etmişdi. Bundan əlavə, ölkə kubokunun finalının ardından hörmətli Qurban Qurbanov oyundan sonrakı müsahibəsində “Sabah”ın qələbəsinə kölgə saldı və dolayı yolla onun şəffaflığını şübhə altına aldı” - deyə bildirmişdi.