BAKI, 4 mart. TELEQRAF
“Keçmişdə olanlar elə keçmişdə qalır. Bu barədə şərh vermək istəmirəm”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Şamaxı”nı 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovun Azərbaycan Premyer Liqasının XXII turundakı insidentlə bağlı açıqlamasına münasibət bildirib:
“Maqsud Adıgözəlova cavab vermək istəmirəm. Meydanda baş verənlər elə meydanda da qalır. Yarımfinalda rəqibin kim olmasının fərqi yoxdur. Lakin “Sabah”la qarşılaşmalar azarkeşləri daha çox cəlb edir və onlar üçün maraqlıdır”.
Qurban Qurbanov yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklərin ola biləcəyini də istisna etməyib:
“Yayda bizdən asılı olmayan səbəblərə görə heyətdəki dəyişikliklər həm az, həm də çox ola bilər. Hər şey proseslərin gedişatından asılıdır. Transferlərlə bağlı detallı analizlər aparılır. İnanın ki, 4-5 futbolçu ilə hər şey razılaşdırılmışdı, lakin son anda keçid baş tutmadı. Heyəti genişləndirməyə çalışacağıq”.