BAKI, 5 fevral. TELEQRAF

“Mançester Siti” İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda doğma meydanda “Nyukasl”ı 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Teleqraf xəbər verir ki, görüş Mançesterdə, “Etihad” stadionunda keçirilib.

Qaliblərin heyətində qolları Ömər Marmuş (7-ci, 29-cu dəqiqələr) və Ticiani Reynders (32) vurub. “Nyukasl”ın heyətində isə Antoni Elanqa 62-ci dəqiqədə fərqlənib. Tərəflər arasında ilk oyunda “Mançester Siti” səfərdə 2:0 hesablı qələbə qazanmışdı.

Finalda “Mançester Siti” “Arsenal”la üz-üzə gələcək. London təmsilçisi yarımfinalda iki oyunun nəticəsinə görə “Çelsi”ni üstələyib (3:2, 1:0). Həlledici qarşılaşma martın 22-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Qeyd edək ki, İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Ötən il turnirin qalibi ilk dəfə “Nyukasl” olub. Kuboku ən çox qazanan komanda “Liverpul”dur – 10 dəfə. “Arsenal” bu turnirdə 2 dəfə, “Mançester Siti” isə 8 dəfə çempionluq sevinci yaşayıb.