BAKI, 15 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Misirə planlaşdırılan səfəri İran tərəfindən dəstəklənən “Ənsarallah” Hərəkatına (husilər) qarşı ABŞ-nin rəhbərliyi altında regional ölkələrin iştirakı ilə yeni koalisiya yaratmaq səyləri çərçivəsindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” mənbələrə istinadla məlumat yayıb.

İsrail nəşri yazıb ki, bin Salman Qahirəyə göndərdiyi mesajlarda husilərin təhdidinin yalnız Səudiyyə Ərəbistanına yönəlmədiyi barədə xəbərdarlıq edib və bunun vurduğu zərərin Hörmüz boğazının bağlanmasının nəticələrindən belə daha böyük ola biləcəyini vurğulayıb.

Mənbə əlavə edib ki, Misir husilərin 2023-cü ilin sonlarında Bab əl-Məndəb boğazında gəmilərə hücumlarına başlamasından bəri hər il 5 milyard dollardan çox iqtisadi zərər görür.