BAKI, 2 fevral. TELEQRAF

Kristianu Ronaldu formasını geyindiyi “Əl-Nəsr”in bu gün keçiriləcək “Əl-Riyad”la səfər matçında meydana çıxmaya bilər.

Teleqraf “A Bola”ya istinadən xəbər verir ki, 40 yaşlı futbolçunun əsas narazılığı klubun qış transfer dövründə passiv mövqe tutması ilə bağlıdır.

Bildirilir ki, Ronaldo xüsusilə transferlərdə rəqiblərindən geri qalınmasından ciddi şəkildə narahatdır.

Baş məşqçi Jorje Jezusun heyətə yeni oyunçular cəlb olunması ilə bağlı istəklərinə baxmayaraq, rəhbərliyin bu tələbləri yerinə yetirmədiyi, əvəzində əzəli rəqib “Əl-Hilal”ın ciddi yatırımlar etdiyi vurğulanır. Həmçinin, “Əl-Hilal”ın “Əl-İttihad”ın futbolçusu Kərim Benzema ilə razılığa gəldiyi barədə iddialara etirazları daha da artırıb.

Xatırladılır ki, “Əl-Nəsr” indiyədək yalnız iraqlı gənc futbolçu Heydər Əbdülkərimi transfer edib. Mövsüm üzrə transfer xərclərinə nəzər saldıqda, “Əl-Hilal” liqada birinci pillədə, “Əl-Nəsr”in isə dördüncü yerdə qərarlaşıb.