BAKI, 18 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldonu qəbul edəcək.

Teleqraf “A Bola” nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu ilə yanaşı, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da Ağ Evi ziyarət edəcək.

Portuqaliya millisinin artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanması təsdiqlənib və həmin mundiala ev sahibliyi edəcək ölkələrdən biri də ABŞ-dir.

Xatırladaq ki, Ronaldu bir müddət öncə müsahibəsində Tramp barədə “Dünyanın ən vacib insanlarından biridir, tanımaq istədiyim şəxslərdəndir. Fürsət olsa, bir gün bunu etmək istərdim. Onunla oturub yaxşı bir söhbət etmək istəyirəm” - deyə bildirmişdi.

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.