BAKI, 29 may. TELEQRAF

“Final oyunları bütün azarkeşləri bir yerə yığan qarşılaşmadır, bayram kimidir. Stadiona bizim də, rəqibin də azarkeşləri toplaşacaq. Amma neytral tamaşaçılar da olacaq".

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah” komandası ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçından öncə təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, kubok oyunu əlavə bir prestijdir: "Baxmayaraq ki, çempion olmuşuq, amma istərdik ki, yaxşı nəticə əldə edək. Qarşımızda yaxşı təşkil olunmuş komanda var. “Sabah” klubu son vaxtlar çox iddialıdır, çox işlər görür. Premyer Liqada 5-ci pillədə olsa da, buna layiq deyildi. Komanda oyununa və futbolçularına görə daha yüksək yerdə olmalı idi. Yeni baş məşqçi Vasili Berezutskinin gəlişindən sonra kuboka kökləndiklərini bildiriblər. Bizə də belə oyunda iştirak etmək xoşdur. Futbolçular inkişaf edir. Hər iki komandaya təşəkkür etmək istəyirəm. Çalışacağıq ki, maraqlı oyun olsun".

Baş məşqçi Vasili Berezutskinin gəlişindən sonra “Sabah”a qalib gələ bilməmələrini rəqibin müdafiədə səliqəli və diqqətli oynaması ilə səbəbləndirib: “Fərdi olaraq da oyunçuları bizə çətinlik yaradırdılar. Həm də bir çox komandalarda bu var: Bu gün biz liderik, Premyer Liqada qalib olmuşuq. Rəqib komandalar həmişə liderə qarşı daha istəkli olurlar. Bizim özümüz də bunu keçmişik, daha böyük komandalara qarşı oynayanda motivasiyamız yüksək olur. Əvvəlki liderlərə qarşı və ya avrokubokda daha böyük komandaya qarşı oynayanda daha istəkli oluruq, məsuliyyətimiz daha çox olur”.

Qurbanov “Sabah”ın 5-ci pilləyə layiq olmadığını söyləyib: “Onlar bizə səviyyəcə yaxın olan komandadırlar, aramızda o qədər də fərq yoxdur”.

O, Sumqayıtda oyunlara marağın böyük olduğunu vurğulayıb: “Sumqayıt” klubuna qarşı oyunlarda azarkeşlər çox olur. Demək olar ki, stadion dolu olur. Futbolçularıma da bu stadionda oynamaq xoş olacaq”.

Qurbanov komandasının penaltilər seriyasına ciddi hazırlaşmadığını bildirib: “Hər bir halda özləri bilmədən də bəzi məşqlərdə şərait yaradırıq ki, bir və ya daha çox penalti yerinə yetirsinlər”.

Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.