QƏBƏLƏ, 21 dekabr. TELEQRAF

“2025-ci il komandam üçün çox yaxşı keçdi. Narazılıqlar da, uğurlar da oldu. Biz elə bir mövqedəyik ki, hamı bizdən razı qalmalıdır. Gərgin mövsüm oldu. Çempionlar Liqasının çəkisi daha ağırdır. Səviyyə başqadır. Bu təzyiqə futbolçularım dözübsə, razı qaldım. Həm də Azərbaycan futbolu üçün böyük rezonans doğurdu, gələcəyə ümid doğurdu”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğıub etdikləri matç barədə danışarkən deyib.

Mütəxəssis əvvəlcə gərgin keçən qarşılaşmanı şərh edib: “Rəqib çox yaxşı mübarizə apardı. Hazırki mövqedə olmağa layiq deyillər. Kaxaber Tsxadadze ilə rəqib olmaq mənə həmişə maraqlı olub. Çox təcrübəli mütəxəssisdir. Duran və bir çox futbolçular meydanda daha çox sürüşürdü. Bu gün meydançanın vəziyyəti ilə bağlı idi” .

Qurbanov qış transfer dönəmində oyunçulara komandadan ayrılmaq ehtimalından söz açıb: “Bəzi təkliflərdən sonra futbolçuların başı gedir. Yəni pul onların gözünü örtür. Mən də onlara bildirirəm ki, belə olmaz. Həm klub rəsmiləri, həm də menecerlər tərəfindən o qədər lazımsız təkliflər gəlir ki… Amma bilmirlər ki, bunlar 3-5 manata oynayır. Belə halda 1-2 ay oyunçunun fikri dağılır. Elə olanda da gərək Çempionlar Liqasının qrupunda oynamayaq. Mən də bir baş məşqçi olaraq daim məsləhət verirəm.

Amma özü, ailəsi düşünməlidir. Mənim üçün bu dəqiqə “Qarabağ”ı, bu futbolçuları əldə saxlamaq böyük bir problemə çevrilib. 90 faiz oyunçulara təklif var. Biri Çindən, biri Səudiyyə Ərəbistandan… Juninyonu verdik. Braziliya ona 5 milyon, “Sevilya” isə 3 milyon verdi. Amma biz İspaniyaya getməyinə razı
idik, daha yaxşı yerə getməsini istəyirdik. Zənglər çoxdur".